Başqa ölkədə maşını necə icarəyə götürmək olar?

Nə cədvəllər, nə qrafik, nə də avtobusda yol yoldaşı. Oturdun və getdin. İstədin – dayandın. İstədin –yoldan kənarlaşdın və öz marşrutunla davam etdin.  Və ya maşını döndərdin və otelə geri qayıtdın. Əgər siz başqa ölkədə maşını icarəyə götürmək qərarına gəlmişsinizsə,  məhz belə olacaqdır.  Maşını necə icarəyə götürmək olar, hansı qaydaları mütləq bilmək lazımdır və onlar  müxtəlif ölkələrdə nə ilə fərqlənirlər – bütün bunlar TRIPONLINE.AZ şərhində öz əksini tapmışdır.

Ölkə boyunca və ölkələr arasında demək olar ki, tam sərbəst hərəkət etmək –  icarəyə götürülmüş  avtomobilin səyahətdə sizə verəcəyi rahatlıqdır.  Səyahətin sürprizlər və xoşagəlməz emosiyalar olmadan keçməsi üçün  gedəcəyiniz ölkədə avtomobilin icarəyə götürülməsi qaydalarını əvvəlcədən öyrənmək kifayətdir.

Səyahətə qədər nələri bilmək lazımdır?

Sizin hüquqlarınızın aktuallığı haqqında. Xaricdə avtomobili icarəyə götürmək üçün sizin beynəlxalq nümunəli sürücülük vəsiqəniz olmalıdır. 2011-ci ilə qədər qüvvədə olan köhnə nümunəli sürücülük vəsiqələri etibarsızdır. Lakin bu cür qaydalar hər yerdə qüvvədə deyil. Məsələn, Çində yalnız yerli sürücülük vəsiqələri etibarlıdır, onları almaq üçün çin dilində nəzəriyyədən imtahan  vermək lazımdır.

İcazə verilən sürücülük təcrübəsi haqqında. Ölkələrin əksəriyyətində yalnız sürücülük təcrübəsinin ən azı bir ildən çox olduğu təqdirdə avtomobili sizə icarəyə verirlər.  Bəzi ölkələrdə bu hədd 2 və 3 ilə qədər qaldırılmışdır.

Yaş məhdudiyyəti haqqında.  Müxtəlif ölkələrdə avtomobillərin icarəyə götürülməsi ilə bağlı yaş meyarları da fərqlənir. Avropa ölkələrinin əksəriyyətində bunu 21 yaşdan etmək olar. İsveçrə, Finlandiya və Bolqarıstanda –  20 yaşdan, Norveç və Estoniyada – 19 yaşdan, İsveç, Almaniya, Avstriya, Xorvatiya, Sloveniya və Slovakiyada -18 yaşdan avtomobillərin icarəyə götürmək mümkündür.

Qabaqcadan sifariş haqqında. Bu biznesdə, turların satın alınması zamanı olduğu kimi, erkən bron etmə aksiyası tətbiq edilir –  icarə haqqının məbləğinin 30%-i qədər qənaət etmək mümkündür.  Siz avtomobili nə qədər erkən bron etsəniz, bir gün üçün icarə haqqı o qədər aşağı olacaqdır.

İri şirkətlər haqqında.  Hər bir biznes sahəsində olduğu kimi, burada da dünyada tanınmış  nəhəng şirkətlər vardır. Onların göstərdikləri xidmətlər daha baha başa gəlir, lakin təqdim etdikləri imkanlar daha genişdir. Məsələn, avtomobili bir ölkədə icarəyə götürmək, digər ölkədə – həmin şirkətin filialında geri qaytarmaq mümkündür. Kiçik şirkətlər bu cür xidmətləri göstərə bilmir. Avtomobillərin icarəyə verilməsi üzrə ən böyük şirkətlər Hertz, Avis, Budget Car, Eurodollar, Sixt.

Maliyyə haqqında. Balansında kifayət qədər vəsait olan  bank kartlarını özünüzlə götürün. Avtomobili icarəyə verən şirkət  sizin səyahət müddətinizdə müəyyən məbləği girov qismində donduracaqdır.  Qiymətlər 250 EUR-dan başlayır. Avtomobilin özünün icarə haqqı isə gündə 35 EUR-dan 120 EUR-dək təşkil edəcəkdir.

Ehtiyatlılıq haqqında. Gələcək marşrutunuzu öyrənin və ödənişli yolların sizin üçün gözlənilməz olmaması üçün onları öz marşrutunuzda qeyd edin. Həmçinin yola düşdüyünüz ölkədə YHQ-nın incəliklərini bilmək lazımdır. Məsələn, Polşada təhlükəsizlik kəmərləri mövcuddursa, həm ön oturacaqdakı, həm də arxa oturacaqlardakı bütün sərnişinlər mütləq kəmərləri bağlamalıdırlar.

Benzinin qiymətini və yanacaq doldurma məntəqələrinin iş rejimini mütləq dəqiqləşdirmək lazımdır, eləcə də özünüzlə naviqator götürün. Naviqatorun olması avtomobilin icarəyə götürüldüyü zaman əlavə pullu seçim kimi qiymətləndirilə bilər. Gürcüstan, Tunis və ya Hindistanın yollarında mənəvi baxımdan əvvəlcədən hazırlaşmaq və soyuqqanlılığı saxlamaq üçün sürücülərin avtomobilləri idarə etmək tərzini də öyrənmək pis olmaz.

İcarəyə götürmək üçün avtomobil seçən zaman nələri bilmək lazımdır?

Müqavilənin şərtlərini diqqətlə oxuyun. İcarə haqqına hansı sığorta növlərinin daxil olduğunu dəqiqləşdirin. Bundan sonra  eyni diqqətlə  avtomobilin üzərində cızıq, əziklərin olub-olmamasını yoxlayın – menecer bütün qüsurları xüsusi sənəddə qeyd etməlidir.  Əminlik üçün qüsurların şəklini çəkmək olar. Bütün bu proseduralar  səyahətdən sonra avtomobilin sizin tərəfinizdən təhvil verildiyi zaman onun üzərində olan qüsurların sizə yazılmaması və sizin üzərinizə maliyyə yükünün qoyulmaması üçün lazımdır.  

Bakda nə qədər benzin olduğunu dəqiqləşdirin. Bir qayda olaraq, iri şirkətlər bakın yarısını, kiçik şirkətlər isə birinci yanacaq doldurma stansiyasına çatmağa lazım olan qədər doldururlar. Avtomobili ya tam doldurulmuş bakla, ya da avtomobili götürərkən olduğu qədər  yanacaqla geri qaytarmalısınız. Bu maddə protokolda yazılmalıdır. Avtomobili nə qədər çox müddətə icarəyə götürsəniz,  icarəyə götürülmüş hər bir gün üçün icarə haqqı o qədər ucuz başa gələcəkdir –  şirkətlərin əksəriyyətində loyallıq sistemi işləyir.  

Yadda saxlamaq lazımdır ki, bir ölkənin çərçivəsində avtomobillərin icarəyə götürülməsi şərtləri müxtəlif şirkətlərdə fərqlənə bilər.

Almaniyada avtomobili necə icarəyə götürməli?

Yanınızda beynəlxalq sürücülük vəsiqəsi, bank kartı (avtomobil üçün girov 2-3 həftə ərzində qaytarılacaqdır) olmalı və yaşınız 18-dən aşağı olmamalıdır. Lakin 18 yaş məhdudiyyəti bir sıra avtomobil modelləri üçün tətbiq edilir. Bəzi modellər 21 yaşdan və hətta 23 yaşdan yuxarı şəxslərə icarəyə verilir. Almaniyada  avtomobillərin gündəlik icarə haqqı 60-90 EUR təşkil edir.

Avstriyada avtomobili necə icarəyə götürməli?

Avtomobillərin icarəyə götürülməsi üçün minimum yaş həddi -18 yaşdır, lakin Almaniyada olduğu kimi, bu yaşda siz məhdud model seçimi ilə avtomobil götürə bilərsiniz. Mütləq şərt –  sürücülük təcrübəsi –  2 ildən çox olmalıdır. 21 yaşdan yuxarı bütün avtomobil modellərinin seçilməsi mümkün olacaqdır. Özünüzlə latın əlifbası ilə adınız yazılmış beynəlxalq sürücülük vəsiqəsi, bank kartı götürün. Avstriyada avtomobillərin gündəlik icarə haqqı 70-120 EUR təşkil edir .

Yunanıstanda avtomobili necə icarəyə götürməli?

Yunanıstanda siz avtomobili yalnız 21 yaşdan yuxarı və bir ildən yuxarı sürücülük təcrübəsinin olması şərti ilə icarəyə götürə bilərsiniz. Özünüzlə beynəlxalq sürücülük vəsiqəsi (lakin yunanlar bunu tələb etməyə də bilərlər), bank kartı götürün. Yunanıstanda  avtomobillərin gündəlik icarə haqqı 40 EUR –dan başlayır.

İspaniyada avtomobili necə icarəyə götürməli?

Avtomobilləri 21 yaşdan yuxarı, bəzi modelləri isə 23 yaşdan yuxarı icarəyə götürmək olar. Sürücülük təcrübəsi – bir ildən yuxarı. Özünüzlə beynəlxalq nümunəli sürücülük vəsiqəsi, girov üçün balansında minimum 500 EUR olan bank kartı götürün. İspaniyada  avtomobillərin gündəlik icarə haqqı 40 EUR –dan başlayır.

Çexiyada avtomobili necə icarəyə götürməli?

Yaş həddi-21-dən yuxarı (bəzi modellər –  23 yaşdan yuxarı), sürücülük təcrübəsi – 2 ildən yuxarı, beynəlxalq sürücülük vəsiqəsi, minimum 350 EUR  balansında vəsait olan bank kartı olması vacibdir. Çexiyada  avtomobillərin gündəlik icarə haqqı 40 EUR –dan başlayır.

Monteneqroda avtomobili necə icarəyə götürməli?

Yaş həddi-21-dən yuxarı, sürücülük təcrübəsi – 2 ildən çox. Özünüzlə pasport, beynəlxalq sürücülük vəsiqəsi, təxminən 300 EUR məbləğində nağd vəsait götürün. Monteneqroda  avtomobillərin gündəlik icarə haqqı 50 EUR –dan başlayır.

ABŞ-da avtomobili necə icarəyə götürməli?

ABŞ-da avtomobilin icarəyə götürülməsi 25 yaşdan yuxarı mümkündür, lakin bəzi şirkətlər  avtomobilin icarəyə götürülməsinə 21 yaşdan və hətta 18 yaşdan  icazə verirlər. Özünüzlə pasport (qüvvədə olan viza ilə), beynəlxalq sürücülük vəsiqəsi, kredit kartı götürməlisiniz. ABŞ-da  avtomobillərin gündəlik icarə haqqı 70 USD –dən başlayır.

Dünyanın bütün ölkələrinə ucuz aviabiletləri siz hər zamanTriponline.az servisindətapa bilərsiniz 

Bizim Facebook и Instagram qruplarına qoşulun və hər zaman  populyar istiqamətlər üzrə ən sərfəli uçuşlardan xəbərdar olacaqsınız.